Başlıqlar
Sinqapur Asiyanın ürəyində müasir və dinamik bir şəhər-dövlətdir. Marina Bay, Sentosa Adası və Chinatown kimi üç əsas məkan sizi unudulmaz təcrübələrlə dolu bir səyahətə dəvət edir.
Marina Bay: Marina Bay Sands oteli və onun damındakı infinity hovuzu insana möhtəşəm təcrübə yaşadır. Gardens by the Bay isə futuristik super ağacları və bitki evləri ilə təbiətin möcüzələrini kəşf etməyə imkan verir. Burada Marina Bay Waterfront Promenade boyunca gəzə və gecənin sehrinə dala bilərsiniz.
Sentosa Adası: Universal Studios Singapore’da adrenalin dolu anlar yaşaya bilərsiniz, həmçinin, S.E.A. Aquariumda dəniz həyatını kəşf edə, çimərliklərdə günəşin və dənizin dadını çıxara bilərsiniz. Adanın golf sahələri və lüks spa mərkəzləri rahatlamaq üçün idealdır.
Chinatown: Rəngarəng bazarlar və qədim Çin məbədləri ilə zəngin olan bu məkan Sinqapurun mədəniyyətini yaşamaq üçün ən yaxşı yerlərdən biridir. Buddha Tooth Relic Temple və Sri Mariamman Temple kimi məbədləri ziyarət edə, yerli restoranlarda ənənəvi Çin mətbəxinin dadına baxa bilərsiniz.
Sinqapurun bu üç əsas məkanı özünəməxsus xüsusiyyətləri ilə sizə unudulmaz bir səyahət təcrübəsi təqdim edir. Burada hər an, hər kəşf həyatınıza yeni rənglər qatacaq. Sinqapur sizin üçün mədəniyyətin, əyləncənin və təbiətin harmoniyada olduğu bir macəra olacaq.
Viza və uçuşlar
Viza
Azərbaycan vətəndaşları Sinqapura turizm məqsədli uzun səfər planladıqda, ölkəyə giriş üçün vizaya müraciət etməli. Amma burada bəzi nüansları nəzərə alsaq, Sinqapuru vizasız şəkildə də ziyarət edə bilərik. VFTF(Visa Free Transit Facility ) qaydalarına əsasən Sinqapuru tranzit ölkə kimi seçdikdə, burada 96 saat(4 gün) qala bilərik. Turist vizasına isə müxtəlif visa şirkətləri vasitəsi ilə müraciət etmək məsləhətdir. Viza bir həftə ərzində verilir və qiyməti 100-150 USD arası dəyişir. Ölkəyə getməmişdən öncə SG arrival card (https://www.ica.gov.sg/enter-transit-depart/entering-singapore/sg-arrival-card) online şəkildə mütləq doldurulmalıdır
Sinqapur vizası haqqında videomuzu izlə: https://www.instagram.com/reel/C8t5H9Syp0z/
Uçuşlar
Sinqapurun əsas beynəlxalq hava limanı Changi Beynəlxalq Hava Limanı sayılır və bu hava limanı dünyanın ən möhtəşəm hava limanlarından biri kimi tanınır. Azərbaycandan Sinqapura birbaşa uçuş olmadığından, qiymət/komfort/zaman baxımından ən uyğun reyslər Qatar Airways (Doha üzəri), Emirates (Dubai üzəri) və Turkish Airlines (İstanbul üzəri) sayılır. Digər alternativ marşrutlar da mövcuddur və bunlar bir qədər araşdırma tələb edə bilər. Uçuş biletlərini mümkün qədər əvvəl alaraq büdcənizə qənaət edə bilərsiniz. Sinqapur Changi Hava Limanı bir çox rahatlıq və əyləncə təklif edir ki, bu da uzun transfer vaxtlarını daha xoş keçirməyə kömək edir.
Təhlükəsizlik və sağlamlıq
Sağlamlıq
Səfər müddətində tibbi xərcləri əhatə edən geniş səhiyyə sığortası əldə edin. Sinqapur xüsusi peyvəndlər tələb etməsə də, səyahətdən əvvəl həkiminizlə rutin peyvəndlər haqqında məsləhətləşmək məsləhətdir. Xüsusi sağlamlıq problemləriniz varsa, peşəkar tibbi məsləhət alın.
Cənub-Şərqi Asiyada, o cümlədən Sinqapurda, ağcaqanadlar vasitəsilə yayılan DENGE virusu vardır. Özünüzü qorumaq üçün həşərat spreyi istifadə edin və bitki örtüyü çox olan yerlərdə uzun qollu köynək və şalvar geyin. Sinqapurda kran suyu içmək üçün təhlükəsizdir və ölkənin yüksək gigiyena standartları sayəsində məşhur restoran və yemək yerlərində rahatlıqla yemək yeyə bilərsiniz.
Təhlükəsizlik
Sinqapur dünyada ən təhlükəsiz şəhər-ölkələrdən biridir və cinayət hadisələri çox nadirdir. Bununla belə, sıx yerlərdə əşyalarınıza diqqət yetirin, xüsusilə bazar və turistik məkanlarda. Nəqliyyat xidmətlərini, məsələn, taksiləri və ya Grab kimi tətbiqləri istifadə edərkən, taksometrin işə salındığından əmin olun və ya əvvəlcədən qiymət razılaşması edin.
Pul dəyişərkən, etibarlı və tanınmış məntəqələrdən, məsələn, banklardan və ya lisenziyalı pul dəyişənlərdən istifadə edin. Küçə satıcılarının təklif etdiyi valyuta dəyişmə xidmətlərindən çəkinin.
Yolları keçərkən ehtiyatlı olun, həmişə piyadalar üçün keçidlərdən istifadə edin və yol hərəkəti qaydalarına riayət edin.
İstiqamətlər və nəqliyyat
İstiqamətlər
“Şəhərlər şəhəri” olaraq tanınan Sinqapur, tropik iqlimi, müasir memarlığı, işıqlı küçələri, lyuks otelləri və hündürmərtəbəli bina kompleksləri ilə tanınır. Sinqapurun əsas turizm istiqamətləri arasında Marina Bay, Orchard Road, Sentosa Adası, Chinatown, Little India, və Clarke Quay kimi yerlər var. Marina Bay ərazisi müasir memarlıq və əyləncə təklif edir, Sentosa isə çimərliklər və tematik parkları ilə məşhurdur(Universal Studios kimi)
Sinqapur haqqında videomuzu izlə:
https://www.instagram.com/reel/C8zlMRPSxaJ/
Nəqliyyat
Sinqapurda şəhər içi nəqliyyatda ən çox istifadə edilən vasitələr MRT (Metro), avtobuslar və taksilərdir. MRT sistemi geniş şəbəkəyə malikdir və şəhərin müxtəlif yerlərinə rahat və sürətli səyahət imkanı təqdim edir. Avtobus xətləri də geniş yayılıb və şəhərin müxtəlif bölgələrinə asanlıqla çatmağa kömək edir. Taksi xidmətləri də mövcuddur və ümumiyyətlə etibarlı və rahatdır. Grab və digər mobil tətbiqlər vasitəsilə nəqliyyat sifarişi etmək rahatdır və təhlükəsizdir.
Bu xüsusiyyətlər Sinqapurda təhlükəsiz və rahat bir səyahətin zəmanətidir.
Sinqapura səyahət edərkən rahat və problemsiz bir təcrübə üçün bu məlumatlardan yararlanın və səyahətinizin planlamasını tam əminliklə bizə həvalə edə bilərsiz.