Başlıqlar
Tayland barədə tez-tez “Land of smiles” deyildiyini yəqin ki, eşitmisiniz. Bu, heç də ona görə deyil ki, burada çətənə bitkisinin istifadəsi leqaldır. Bu ölkədə gəzəndə insanların sizə baxıb gülümsəməyi, sizdə də qarşılıqlı olaraq eyni reaksiyanı yaradır. Bu isə bütün gününüzün pozitiv keçməyinin zəmanətidir.
Taylandda nələr sizi təəssüfləndirə bilər?
Heyvanlara qarşı kobud rəftar
Turistlərin əyləncəsi üçün bir çox yerlərdə heyvanlara qarşı kobud davranırlar. Fillərə minmək, pələnglərlə şəkil çəkdirmək və s. Belə yerlərə getməməyinizi tövsiyə edirik. Əvəzində xüsusi qoruq əraziləri, fil yasaqlıqları seçimləri var və həmin məkanları ziyarət etdiyinizdə həm heyvanlara dəstək olacaqsınız, həm də özünüz mənəvi zövq alacaqsınız. Bu tip məkanlar kifayət qədər əyləncəlidir.
Fırıldaqçılıq və turist tələləri
Turistlərin sıx olduğu ərazilərdə qeyri-səmimi taksi sürücüləri və satıcılar sizə “xüsusi” turlar və müxtəlif uyuşdurucu maddələr təklif edəcəklər. Çalışın, ümumiyyətlə reaksiya verməyəsiniz. Mütləq və mütləq qiymətləri araşdırın.
Həddindən artıq çox turist
Bu, ilk dəfə səyahət edənlər üçün çox məyusedici faktor ola bilər. Şəkillərdə və videolarda gördüyünüz cənnət məkanlar insan axını ilə dolu olur və bəzən istədiyiniz şəkli çəkmək üçün bir qədər gözləməli olursunuz.
Taylandı nəyə görə sevəcəksiniz?
Çimərliklər və adalar
Tayland dünyanın ən məşhur çimərlikləri və adaları ilə tanınır. Phuket, Koh Samui, Krabi, Phi Phi və digər adalar gömgöy suları və ağ qumlu sahilləri ilə məşhurdur. Belə bir təbiətin bir parçası olmaq və bu gözəllikləri görmək tük ürpədici effekt yaradır.
Ləzzətli mətbəx
Bəli, bu ölkənin yeməkləri dünyanın top mətbəxləri siyahısındadır. Ağız dadınızı dəyişə biləcək yeməklər – Coconut Curry soup, Pad Thai, Tom Yum Goong, Gaeng Daeng, Roti və digərləri olacaq.
Mədəniyyət və Tarix
Rəngarəng festivallar, heyrətamiz məbəd kompleksləri, tarixi şəhərlər Taylandı regionda olan ölkələr arasında sayılıb seçilən ölkə edir. Taylandlılar mədəni irsi və tarixi qoruyub saxlamağı yaxşı bacarırlar.
Sonda isə qeyd etmək istərdim ki, Tayland və digər Cənub-Şərqi Asiya ölkələrini ziyarət edəndə buranı olduğu kimi qəbul etmək və hər bir adət-ənənələrinə hörmətlə yanaşmaq lazımdır.
Tayland səyahətini Asia İnsight ilə planlaya və bu ölkədə göstərdiyimiz bələdçilik xidmətindən istifadə edə bilərsiniz.
Viza və uçuşlar
Viza
Azərbaycan vətəndaşları Taylanda turizm məqsədli səfər etdikdə, ölkəyə giriş üçün viza tələb olunur. Azərbaycandan müxtəlif turizm şirkətləri vasitəsi ilə (150 USD civarı) və yaxud Taylanda qonşu olan ölkələrdə yerləşən Tayland konsulluğunda ala bilərsiniz. Viza 60 günə qədər verilir. Azərbaycandan müraciət etdikdə sənədlər Ankarada yerləşən Tayland konsulluğuna göndərilir və xidmət haqqı 150 USD təşkil edir, digər ölkələrdən müraciət isə 35-40 USD arası dəyişir.
Tayland vizası haqqında videomuzu izlə: https://www.instagram.com/reel/C7L9xFry3RU/
Uçuşlar
Taylandda əsas beynəlxalq hava limanları Bangkok (Suvarnabhumi və Don Mueang) və Phuket şəhərlərində yerləşir. Azərbaycandan Vyetnama birbaşa uçuş olmadığından, qiymət/komfort/zaman baxımından ən uyğun reyslər Qatar Airways (Doha üzəri), Air Arabia (Sharjah) və Turkish Airlines (İstanbul üzəri) sayılır.
Digər alternativ marşrutlar da mövcuddur və bunlar bir qədər araşdırma tələb edə bilər. Uçuş biletlərini mümkün qədər əvvəl alaraq büdcənizə qənaət edə bilərsiniz.
Təhlükəsizlik və sağlamlıq
Sağlamlıq
Səyahətə çıxarkən sağlamlığınızın qayğısına qalmaq çox vacibdir. İlk növbədə, səhiyyə sığortası etdirmək lazımdır. Tayland rəsmi olaraq peyvənd tələb etməsə də, öz həkiminizlə məsləhətləşməyiniz məsləhətdir. Xüsusi narahatlığınız varsa, mütləq həkimdən məsləhət alın.
Cənub-Şərqi Asiyada ən çox yayılan viruslardan biri DENGE virusudur, bu virus ağcaqanad sancması ilə yayılır. İnternetdə bu virusun simptomları və sağalma yolları haqqında çoxlu məlumat tapa bilərsiniz. Yeməkdən zəhərlənmə riski də burada var. Bu hər zaman, hər yerdə baş verə biləcək bir haldır. Taylandda dəniz məhsulları geniş yayılmış olduğundan, bu məhsullara xüsusi diqqət yetirmək vacibdir. Yeməklərin təmizliyinə və təzəliyinə diqqət etmək, sağlam qalmağınızı təmin edəcək.
Təhlükəsizlik
Ümumən Tayland səyahət üçün təhlükəsiz istiqamətlərdən sayılır, lakin gecə həyatının qaynayıb-qarışdığı ərazilərdə, şəhər mərkəzlərində və turistlərin çox olduğu yerlərdə sizə servisi baha satma, illegal məhsulların təklifi və cibgirlik riskləri var. Bundan əlavə çimərliklərdə şəxsi təhlükəsizliyinizi qorumaq üçün hər zaman ayıq olun, yol qırağında telefonla çəkiliş edərək gəzməyin.
Onlayn fırıldaqlar da ola bilər, buna görə də gələn mesajlarda linklərə diqqətlə yanaşın. Pul dəyişərkən isə yoxlanılmış və çox adamın getdiyi yerlərə üz tutun.
Burada lyuks həyat yaşamaq üçün qızıl əşyalar və bahalı aksesuarlar ilə çöldə gəzməyə ehtiyac yoxdur. Əksinə, bu cür əşyalar motoçular tərəfindən hədəf alınan ilk şeylərdir. Sadə və diqqətsiz qalmaq ən yaxşı seçimdir.
İstiqamətlər və nəqliyyat
İstiqamətlər
Tayland Cənub-Şərqi Asiyada yerləşən, zəngin mədəniyyəti və tarixi ilə tanınan bir ölkədir. Qonşu ölkələrdən fərqli olaraq Tayland tarix boyu heç bir ölkənin müstəmləkəsi olmayıb 🙂 Ölkə Laos, Kamboca, Malayziya və Myanma ilə quru sərhədlərinə, Andaman dənizi və Cənubi Çin dənizi ilə su sərhədlərinə malikdir. Taylandın paytaxtı Bangkok həm siyasi, həm iqtisadi, həm də mədəniyyət mərkəzi olaraq tanınır. Müasirliyi və gecə həyatı ilə məşhur olan bu şəhər, eyni zamanda tarixi məbədlər və saraylar ilə doludur.
Taylandda ən populyar turizm istiqamətləri cənubdan şimala qədər geniş bir ərazini əhatə edir: Phuket adası, Krabi, Koh Samui, Pattaya, Bangkok, Ayutthaya, Chiang Mai, Chiang Rai, Pai və Sukhothai. Hər bir istiqamət özünəməxsus gözəllik və mədəniyyət ilə turistlərin diqqətini çəkir.
Nəqliyyat
Şəhər içi nəqliyyatda ən çox istifadə edilən vasitə motosikletlər və tuk-tuklardır. Tuk-tuklar, xüsusilə turistlər arasında çox məşhurdur və qısa məsafələr üçün əlverişlidir. Bangkokda metro (BTS və MRT) və avtobus sistemi kifayət qədər inkişaf edib və əlverişli nəqliyyat variantlarıdır. Qısa müddətli səfərlər üçün adi taksi xidmətindən istifadə məsləhətdir. Taksilər komfortlu və kondisionerlidir.
Şəhərlərarası nəqliyyatda komfortlu avtobuslar (sleeper bus, VIP bus), qatarlar və ölkədaxili uçuşlar geniş istifadə olunur. Taylandda qatarlar, xüsusilə gecə qatarları, uzun məsafələr üçün rahat və büdcəli bir seçimdir. Ölkədaxili təyyarələr isə daha sürətli səyahət üçün ideal variantdır və müxtəlif hava yolları şirkətləri tərəfindən təmin olunur.
Taylanda səyahət edərkən rahat və problemsiz bir təcrübə üçün bu məlumatlardan yararlanın və səyahətinizin planlamasını tam əminliklə bizə həvalə edə bilərsiz.